Ötən il pandemiyaya baxmayaraq milyonlarla insan milyonçu oldu | Banco.az

Ötən il pandemiyaya baxmayaraq milyonlarla insan milyonçu oldu

Tamara Mustafayeva, Banco.az

Yeni növ koronavirus (Covid-19) pandemiyasının səbəb olduğu iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə dünya miqyasında beş milyondan çox insan milyonçuya çevrilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveçrənin "Credit Suisse" bankı 2020-ci ilə aid "Qlobal Sərvət Hesabatı"nı yayımlayıb. 

Sözügedən hesabata görə, pandemiya dövründə yoxsullar daha da kasıblaşarkən dünya miqyasında milyonçu sayı 5,2 milyon artmaqla 56,1 milyona çatıb. Bu sərvət artımında isə birja əməliyyatlarının yaxşılaşması və daşınmaz əmlak qiymətlərinin bahalaşması mühüm rol oynayıb.

Hesabatı hazırlayan ekspertlərdən biri olan Anthony Shorrocks pandemiyanın qlobal birjalara qısa müddətli təsir göstərdiyini, ancaq bu vəziyyətin 2020-ci ilin iyun ayının sonunda əsaslı dərəcədə dəyişdiyini bildirib. Bununla yanaşı, hesabatda ümumi qlobal sərvətin ötən il 7,4% artdığı qeyd edilib. 21-ci əsrin başlanğıcından bəri 10 min - 100 min dollar aralığında sərvətə sahib olan insan sayı 2000-ci illərdə 507 milyon nəfərdən 2020-ci ilin ortalarında 1,7 milyard nəfərə qədər, yəni üç dəfə yüksəlib.

Bu artımın, xüsusilə Çin başda olmaqla çiçəklənən iqtisadiyyatlara sahib ölkələrdə rifah halının yaxşılaşması və inkişaf etməkdə olan dünyanın orta təbəqəsinin artmasının bir təzahürü olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram