Tamara Mustafayeva, Banco.az
E-ticarət nəhəngi "Amazon" ABŞ-ın Vaşinqton ştatının Bellevue şəhərində 2,3 min kvardrat metrlik yeni mağaza açır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, 17 iyun tarixində açılışı həyata keçirləcək market şirkətin "Just Walk Out" ("Təkcə çıxıb get") texnologiyasının reallaşdırılacağı ilk tam çeşidli mağaza olacaq.
"Amazon"dan edilən açıqlamaya görə, bu yeni market müştərilərin uzun kassa növbələrinə məruz qalmaması üçün bir çox kamera və sensorla təchiz edilib.
17 iyunda baş tutacaq böyük açılışdan sonra sözügedən market həftə ərzində yerli vaxtla 07:00-22:00 aralığında açıq olacaq.
Qeyd edək ki, mağazada müştərilərə "Just Walk Out" üsulunu, yoxsa ənənəvi ödəmə üsullarını istifadə etmək istədikləri soruşulacaq. Birinci üsulu seçənlər üç formada ödəniş edə biləcəklər. Buraya məhsulların QR kodlarını Amazon tətbiqində skanlamaq, "Amazon One"dan istifadə etməklə ovuç içini göstərmək və ya Amazon hesablarına bağlı olan hər hansı bir plastik kartla ödəniş etmək daxildir.
Xatırladaq ki, ilk "Amazon Fresh" mağazası ötən ilin sentyabr ayında Vaşinqton əyalətinin Sietl şəhərində açılmışdı. Hazırda isə Los-Ancelesdə səkkiz, Çikaqoda dörd və Virciniyada isə bir ədəd olmaqla ümumilikdə 14 ədəd "Amazon Fresh" mağazası fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!