Tamara Mustafayeva, Banco.az
Tesla şirkətinin CEO-su İlon Mask illərdir ki, gəlir vergisi ödəmədiyinə dair yayılan xəbərlərdən sonra evini satışa çıxarıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İlon Mask rəsmi Twitter səhifəsindən "sonuncu evimi də satmağa qərar vermişəm. Orada daha böyük ailə yaşamalıdır, çünki ora xüsusi yerdir", deyə yazaraq tvit yayımlayıb.
49 yaşlı milyarder iş adamı sərvəti ilə əlaqədar tənqidlərdən sonra bir il əvvəl mülkiyyətində olan evləri satmağa qərar vermiş, qərardan bir neçə gün sonra isə Kaliforniyadakı iki evini satışa çıxarmışdı. O, həmçinin ilin əvvəlində sahib olduğu yeganə evin San-Fransisko Bayda olduğunu və bəzi tədbirlərin keçirilməsi üçün icarəyə götürüldüyünü bildirmişdi.
Qeyd edək ki, ötən həftə Nyu-Yorkda fəaliyyət göstərən "ProPublica" nəşri İlon Mask, Ceff Bezos və Uarren Buffet kimi varlıların çox az gəlir vergisi ödədiklərini, bəzi milyarderlərin isə ümumiyyətlə bu vergidən yayındıqlarını açıqlamışdı.
Mask isə bu xəbərdən sonra Kaliforniyada daha çox gəlir vergisi ödəcəyini elan edib.
Xatırladaq ki, İlon Mask ötən il SpaceX şirkətinin roketlərinin hazırlandığı Texasın Boka-Çika bölgəsində 50 min dollara ev icarəyə götürmüşdü.
Bizi sosial şəbəkələrdən izləyin!!