Twitter-ın reklam gəlirləri gözləniləndən aşağı oldu | Banco.az

Twitter-ın reklam gəlirləri gözləniləndən aşağı oldu

Tamara Mustafayeva, Banco.az

Twitter şirkətinin ilin ilk rübü üzrə maliyyə göstəriciləri və ikinci rübə dair proqnozlar Wall Street analitiklərinin gözləntilərinə cavab verməyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Twitter Inc. ilk rübdə məyusedici reklam gəlirləri açıqlayıb, həmçinin şirkətin gələcək dövrlərə dair proqnozları da olduqca zəifdir.

Şirkətdən edilən açıqlamaya görə, bu ilin ilk rübü üzrə əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 28% artımla 1.04 milyard dollara yüksəlib. Belə ki, ötən il bu göstərici 807.6 milyon dollar idi.

Bu ilin ilk rübü üzrə əldə edilən mənfəət isə 68 milyon dollar hesablanıb ki, şirkət ötən ilin eyni dövründə 8.4 milyon dollar həcmində zərər açıqlamışdı.

Bununla belə şirkətin ilk rüblük satış gəlirlərində qeydə alınan 28%-lik artım isə Facebook və Google kimi şirkətlərin rəqəmsal reklam gəlirlərindəki artımla müqayisədə aşağıdır.

Onu da qeyd edək ki, Twitter platformasının bu ilin ilk rübündəki gündəlik ortalama aktiv istifadəçi sayı ötən ilin eyni dövrünə nəzərən təqribən 20% artmaqla 199 milyon nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram