Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası bir çox sahədə olduğu kimi, futbol sektorunda da öz mənfi təsirlərini göstərməyə davam edir. Ötən mövsümün yarısından etibarən başlayan pandemiya əleyhinə tədbirlər bu il də tətbiq edilməkdədir. Stadionlara tamaşaçı qəbul edilmədiyi üçün futbol klubları həm bilet, həm də matç günü məhsul satışı həyata keçirə bilmirlər. Odur ki, bu vəziyyət futbolçuların transfer qiymətlərinə də təsir göstərib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, yaşıl stadionların ən dəyərli 500 futbolçusunun təqribi bazar dəyəri pandemiya dövründə 10%-dən çox azalıb.
KPMG Footvall Benchmark komandası tərəfindən həyata keçirilən araşdırmaya görə, ən dəyərli 500 futbolçunun fevral 2020 - fevral 2021 tarixləri aralığındakı ümumi transfer dəyəri 20 milyard 714 milyon avrodan 18 milyard 515 milyon avroya geriləyib. İlk 100 futbolçunun təqribi transfer qiyməti isə 8 milyard 41 milyon avrodan 7 milyard 230 milyon avroya düşüb.
Ölkələr üzrə göstəricilərə nəzər saldıqda isə görürük ki, İspaniya La Liqasının futbolçularının dəyəri 1 milyard 400 milyon avro, İngiltərə Premyer Liqasının futbolçuların dəyəri isə 1 milyard 100 milyon avro itkiyə məruz qalıb. İtaliya A Seriyası və Almaniya Bundesliqasında forma geyinən oyunçuların transfer qiyməti də 400-500 min avro azalıb.
Qeyd edək ki, 15 milyon avroluq dəyər itkisinə baxmayaraq hələ də ən bahalı futbolçu 185 milyon avro transfer qiyməti ilə “Paris Sen-Jermen” klubunun ulduz oyunçusu Kilian Mbappedir.
Bizi sosial şəbəkələrdən izləyin!!