Pandemiyanın təsiri ilə cari ilin birinci yarısında bank sektorunda müşahidə olunan dalğalanmalar cari ilin ikinci yarımilindən etibarən stabilləşib, kredit portfeli, bank sisteminin cəmi aktivləri, xalis mənfəəti və kapitalı neqativ dalandan əsasən kənarlaşıb.
2020-ci ilin iqtisadi yekunlarına həsr olunan mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu barədə qeyd edib:
"Bank sektorunun aktivləri cari ilin sonuna doğru davamlı olaraq sabitlik və artım meyilləri göstərib, 2020-ci ilin ilk 11 ayının nəticələrinə əsasən 30 milyard 743 milyon manata çatıb. Digər tərəfdən bankların əməliyyat mənfəəti üzrə davamlı müsbət dinamika müşahidə olunub. Requlyativ islahatların nəticəsi olaraq, kredit portfellərinin keyfiyyət əmsalları yaxşılaşıb. Ən mühüm göstəricilərdən biri hesab olunan qeyri-işlək kreditlərin ümumi həcmi 922,9 milyon olub və ümumi portfeldə xüsusi çəkisi 6,3 faizədək azalıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azdır.
Eyni zamanda, sektorun stabilliyi baxımından xüsusi əhəmiyyətə malik uzunmüddətli kreditləşmənin ümumi portfeldə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmaqla 83 faizə çatıb. Cari ilin analizləri onu göstərir ki, 4 bankın sistemdən kənarlaşdırılmasının əmanət və depozitlərdəki azalmaya təsirləri artıq stabilləşmə meyilləri ilə müşayiət olunur.
Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 42 faizə çatıb ki, bu da son 5 ildə müşahidə olunan ən yüksək göstəricidir.”
Bizi sosial şəbəkələrdən izləyin!!