Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası bir çox şirkətin böyük miqyasda dəyər itkisi yaşamasına yol açdı. Onlardan biri də şirkətlər üçün kovörkinq imkanı yaradan WeWork olub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, WeWork şirkətinin əsas səhmdarı olan SoftBank dünən elan etdiyi gəlir hesabatında şirkətin bazar dəyərinin 2.9 milyard dollara düşdüyünü açıqlayıb.
SoftBank dekabr ayında 7.3 milyard dollarlıq bazar dəyərinə sahib olan şirkətin yaşadığı bu itkini qismən koronavirus pandemiyası ilə əlaqələndirib. Xatırladaq ki, ötən il şirkətin bazar dəyəri 47 milyard dollar idi. İlin sonrakı dövrlərində şirkətin səhmlərini birjaya çıxarmağı təxirə salması səbəbilə bu göstərici 10 milyard dollara düşmüşdü.
Qeyd edək ki, WeWork şirkətinə yatırım edən SoftBank-ın vizyon fondu da sözügedən dəyər itkisi səbəbilə milyardlarla dollar zərərə uğrayıb.
WeWork hazırda ofislərini açıq saxlasa da, şirkətin icarədarlarının çoxu mövcud karantin vəziyyəti ilə əlaqədar olaraq həmin ofislərdən istifadə etmirlər. Bununla yanaşı, ötən ay təqribən 200 nəfəri işdən çıxaran şirkət 800-dən çox məkanda fəaliyyət göstərən işçilərindən yenidənqurma tədbirləri çərçivəsində vəzifələrinə yenidən müraciət etmələrini istəyib.
Həmçinin oxu: Bu şirkət işçilərinə oktyabr ayına qədər evdən işləməyə icazə verdi
Bizi sosial şəbəkələrdən izləyin!!