Mərkəzi Bank müxtəlif hədəf qrupları üçün maliyyə maarifləndirməsi təlimləri keçirdi | Banco.az

Mərkəzi Bank müxtəlif hədəf qrupları üçün maliyyə maarifləndirməsi təlimləri keçirdi

Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, həmçinin “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın (Dövlət Proqramı) “Rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi” istiqamətinin icrası ilə bağlı silsilə tədbirləri davam etdirir.

Cari ilin dekabr ayında ümumilikdə 1000-ə yaxın iştirakçı üçün 16 maliyyə maarifləndirici təlim keçirilmişdir. Təlimlərə Binəqədi Gənclər Evində tələbə-gənclər, Masallı və Balakən rayonlarında Regional ABAD mərkəzlərində “Abadçı ailələr”, Mingəçevir Dövlət Universitetinin tələbələri, Yevlax rayonunda “Həyat bilgisi fənni”ni tədris edən bir qrup müəllim, eləcə də Bakı şəhərindəki bir sıra bağça və orta məktəblərin şagird və müəllim heyəti cəlb edilmişdir.

Təlim iştirakçılarına müvafiq hədəf qrupları üzrə “Rəqəmsal ödənişlər”, “İstehlakçı büdcəsinin planlaşdırılması”, “Bank əməliyyatları”, “Yığım”, “Pulun yaranma tarixi”,”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” mövzuları tədris olunmuş, iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Qeyd edək ki, regionlarda keçirilmiş təlimlər zamanı Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) ölkə nümayəndəliyi yaxından iştirak etmiş və dəstək göstərmişdir.

Təlimlər zamanı iştirakçılara bizimpullar.az portalı, edu.e-cbar.az virtual təhsil platforması və axtar.bizimpullar.az (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə geniş məlumat verilmişdir.

Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Rusiya Federasiyası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 9-10 dekabr 2019-cu il tarixlərində Moskva şəhərində “Müstəqil Dövlətlər Birliyində (MDB) maliyyə savadlılığı” mövzusunda keçirilmiş konfransda Mərkəzi Bankın nümayəndəsi iştirak etmişdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müvafiq Strateji Yol Xəritəsivə Dövlət Proqramının icrası ilə əlaqədar əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlər regional əhatəlilik daha da genişləndirilməklə 2020-ci ildə də davam etdiriləcək.