Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2019-cu ilin 9 ayını 2 milyon 640 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə təşkilatın xalis mənfəəti 84% artıb. “Embafinans” 2018-ci ilin 9 ayında 1 milyon 431 min manat xalis mənfəət əldə etmişdi.
Xalis mənfəətin artması müştərilərə verilən kreditlərin artması ilə gəlirlərin sürətli artımından qaynaqlanır. 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “Embafinans”ın faiz gəlirləri 54% artaraq 6 milyon 124 min manat, haqq və komissiya gəlirləri isə 13% artaraq 1 milyon 101 min manat təşkil edib.
Ötən ilin Sentyabr ayı ilə müqayisədə “Embafinans” MMC-nin kredit portfeli 2 dəfə artaraq 30 Sentyabr 2019-cu il tarixində 37 milyon 920 min manata çatıb. Ötən ilin eyni tarixində təşkilatın kredit portfeli 19 milyon 50 min manat təşkil etmişdi.
Müştərilərə verilən kreditlərin kəskin artması ilə əlaqdar olaraq “Embafinans” böyüyüb, BOKT-un aktivləri 75% artaraq 44 milyon 746 min manata çatıb.
"Embafinans" 2012-ci ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 10 milyon manatdır.
|