Azərbaycan banklarına SWIFT ödəniş sisteminə alternativ olan "Visa B2B Connect"ə qoşulmaq təklif olunub. "APA-Economics"in yaydığı məlumata görə, "Visa" beynəlxalq kart təşkilatı tərəfindən təklif olunan sistem "blockchain" texnologiyası üzərində qurulub və onun vasitəsilə aparılan ödənişlər daha ucuz və ani olaraq həyata keçirilir. Bildirilir ki, Azərbaycan banklarının "Visa B2B Connect" keçid etməsi üçün qanunvericilik bazasına müvafiq dəyişikliklər edilməlidir. "B2B Connect" artıq "Visa" tərəfindən qlobal olaraq anons edilib və Azərbaycan ilk ölkələrdəndir ki, bu sistemə qoşulmaqla bağlı "Visa"dan müraciət alıb.
Qeyd edək ki, SWIFT ("Society for Worldwide Interbank Financial Telecommunication" – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. 1973-cü ildə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən yaradılmış SWIFT banklara maliyyə əməliyyatları haqqında məlumatları təhlükəsiz, etibarlı və standartlaşdırılmış şəkildə göndərməyə və qəbul etməyə imkan verir.