“Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZN təşkil edib. Bu “Atəşgah” Sığorta Qrupundan bildirilib.
Qeyd edilib ki, “Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.
“Atəşgah” SŞ - nin 2018-ci il ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 52% artaraq 4,8 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 18% artaraq 12,8 mln. AZN təşkil edib.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin topladığı sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 53% artaraq 59,0 mln. AZN olub..