Əgər Azərbaycan hökuməti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsində iştirakla bağlı təklif gəlsə, biz bu məsələni nəzərdən keçirə bilərik”.
Bunu “Report”a eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.
A.Əzimovanın sözlərinə görə, IFC-nin dövlət banklarının özəlləşdirilməsi ilə bağlı təcrübəsi var: “Siz əgər IFC-nin fəaliyyətinə fikir versəniz, bir sıra ölkələrdə dövlət banklarının özəlləşdirilməsində iştirak etdiyini görərsiniz. ABB ilə bağlı məsələdə də hökumət müraciət edərsə, biz bu məsələyə baxa bilərik”.
IFC rəsmisi ABB-nin səhm paketindən neçə faizini ala biləcəklərini açıqlamayıb: “Beynəlxalq Maliyyə Korporasiyası özəlləşdirmədə iştirak edəndə, adətən, 20%-dən çox pay almağa maraqlı olmur. Amma ABB ilə bağlı məsələdə heç bir rəqəm deyə bilmərəm. Bu Bankın vəziyyətinə bağlı olan məsələdir”.
ABB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 95,26%-i dövlətə məxsusdur.
Qeyd edək ki, IFC hazırda “AGBank” ASC-də 4,2%, “Accessbank” ASC-də isə 16,6% paya malikdir.