Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Vergilər Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektində həyata keçirilmiş nəzarət tədbirləri zamanı kustar üsulla hazırlanmış spirtli içkilərin aşkarlanmasına münasibət bildirərkən deyib: "Spirtli içkilər bazarı Azərbaycanın ən çox çirklənmiş bazarıdır, ən çox saxta məhsullar bu bazardadır. Paytaxt Bakıda və ölkənin digər bölgələrində gizli fəaliyyət göstərən sexlərdə kustar üsullarla hazırlanmış içkilər satılır".
Təkcə Vergilər Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirləri deyil,
hüquq-mühafizə orqanlarının ortaya çıxardığı faktlar da spirtli içkilər
bazarında saxta məhsulların çox olduğunu sübut edir
Xatırladaq ki, Vergilər Nazirliyinin əməkdaşları operativ nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsindəki "Mini market"də və Gəncə prospektində yerləşən "Şərab evi mağazası"nda külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkarlayıb, həmin faktlar üzrə cinayət işi qaldırılıb, bu cür qanunsuz əməllərlə məşğul olan Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
E.Hüseynov deyib ki, təkcə Vergilər Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirləri deyil, hüquq-mühafizə orqanlarının ayrı-ayrı vaxtlarda ortaya çıxardığı faktlar da spirtli içkilər bazarında saxta məhsulların çox olduğunu sübut edir. Onun sözlərinə görə, istehlakçıların böyük əksəriyyəti restoran və kafelərdə onlara təqdim edilən saxta spirtli içkilərin hansı qatışıqlardan hazırlanmasından xəbərsizdir: "Ona görə də istehlakçılar diqqətli olmalı, aldıqları malların sertifikatını tələb etməli, məhsulun etiketinə, qablaşdırılmasına xüsusi fikir verməlidirlər".
Azad İstehlakçılar Birliyinin sədri saxta yolla hazırlanmış spirtli içkilərin aşkar edilərək satış mənqələrindən yığışdırılması istiqamətində Vergilər Nazirliyinin atdığı addımları təqdir etdiyini deyib: "Saxta məhsul öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında qurmuş istehsalçılara və ölkənin iqtisadi imicinə böyük zərbə vurmaqla yanaşı, istehlakçı hüquqlarının da kobud şəkildə pozulmasına yol açır. Ona görə də ayrı-ayrı işbazların bu cür qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində görülən bütün işlər alqışlanmalıdır. Bu işə Qida Təhlükəsizliyi Agentliyi də ciddi nəzarət etməlidir ki, insan sağlamlığı üçün zərərli olan bu cür məhsullar bazardan mümkün qədər tez yığışdırılsın".
Vergiler.az