Son illərdə ən çox diqqət çəkən 6 irqçi reklam | Banco.az

Son illərdə ən çox diqqət çəkən 6 irqçi reklam

Son dövrlərdə böyük markalara aid çox saylı irqçi reklam kampaniyaları ilə qarşılaşmışıq. Üstəlik bu reklamların bəzilərində irqçilik ünsürü o qədər bariz nəzərə çarpır ki, bəzən “Görəsən, markalar diqqət çəkmək üçün qəsdən irqçi reklamlar yayımlayırlar? sualını ağıllara gətirir. İrqçi reklamları ilə gündəmə gələn markalar arasında İsveç geyim firması H&M və şəxsi qulluq vasitələri markası Nivea kimi bir çox tanınmış marka da yer alıb.

Həmçinin oxu: Rəqabətdə zirvəyə çatan 5 reklam kampaniyası

Dove

Şəxsi qulluq vasitələri istehsal edən Dove firmasının ötən il Facebook sosial şəbəkəsində yayımladığı reklam kampaniyası sosial mediada bir anda böyük qəzəbə səbəb oldu. Reklam kampaniyasında istifadə edilən ilk şəkildə qara dərili bir qadının əynindəki köynəyini çıxartdığı və bununla da ağ dərili bir qadının ortaya çıxdığı görülür. Digər şəkildə də ağ dərili bir qadının köynəyini çıxartdıqdan sonra Asiyalı bir qadının peyda olduğu görülür.

Məhz bu vəziyyət təbii olaraq sosial mediada reklamla əlaqədar irqçilik mübahisələrinin başlamasına səbəb oldu. Bir çox insan sosial şəbəkələrdə markanı irqçilikdə günahlandırdı. Etirazlardan sonra bu Facebook reklamının Dove tərəfindən qısa müddət ərzində yayımı dayandırıldı. Daha sonra şirkət rəsmi Twitter hesabı vasitəsilə mövzu ilə bağlı açıqlama edərək üzr istədi.

Nivea

Dove kimi şəxsi qulluq vasitələri markası olan Nivea da ötən il irqçilik təsiri bağışlayan bir reklamla gündəmə gəldi. Maraqlı məqam isə burasındadır ki, Nivea firması bu reklamı Dove şirkətinin etirazlara səbəb olan reklamından çox qısa müddət sonra yayımladı. Nigeriyalı keçmiş gözəllik kraliçası və iş qadını Omowunmi Akinnesi-nin rol aldığı Nivea reklamında “fərq ediləcək dərəcədə açıq bir dəri” şüarı ön plana çıxarılırmışdı.

Nigeriya, Kamerun, Qana və Seneqalda reklam lövhələrində Nivea firmasının bu reklamına yer verilərkən eyni zamanda televiziya üçün də bir reklam çəkilmişdi. Bu reklam çarxında isə Omowunmi Akinnesi xoşbəxt şəkildə kremi çəkərkən izləyici də xüsusi effektlərin sayəsində həmin nahiyənin daha açıq rəngli olduğunu görürdü.

Nivea firmasının bu reklamı bir çox sosial media istifadəçisi tərəfindən irqçilik nümunəsi olaraq dəyərləndirildi və reklamın yayımdan qaldırılması istənildi. Narazılıqlardan sonra Nivea “Kampaniya heç kəsin dəri qulluğu seçimlərini alçaltmaq ya da yüksəltmək məqsədi daşımır.” şəklində bir açıqlama ilə sözügedən Natural Fairness məhsullarının tərkibində təbii ingredientlər və UV filtri olduğunu və günəş şüalarının səbəb olduğu melanin (tünd rəngli pigmentin yaranması) artımını azaltma məqsədi daşıdığını ifadə etdi.

H&M

Ən sərfəli kredit üçün müraciət et

2018 – ci ilin əvvəllərində İsveçin geyim firmasının rəsmi internet saytında yayımlanan bir şəkil mübahisələrə səbəb oldu. H&M firmasının internet saytında satışa çıxarılan və qara dərili bir uşaq tərəfindən nümayiş edilən paltarın üstündə “Meşədəki ən yaraşıqlı meymun” (Coolest Monkey in the Jungle) yazılmışdı. Təbii olaraq bu şəkil İsveçli şirkətin irqçiliklə bağlı ittiham olunmasına səbəb oldu.

Bu hadisənin sosial mediada böyük reaksiyalar doğurmasından sonra firma sözügedən şəkli yayımdan qaldırdı. Bununla yanaşı firmanın adından rəsmi açıqlama edən bir nümayəndə bu şəkil səbəbilə narahat olan hər kəsdən üzr istədiklərini bildirdi.

Popchips

Kartof cipsi markası olan Popchips məşhur aktyor Ashton Kutcher – in Rac adlı Hindli bir obrazı canlandırdığı bir Youtube videosu yayımladı. Ancaq markanın bunu təqlid videosu olaraq adlandırması insanlarda mənfi fikirlər formalaşdırdı və daha sonra firma bu reklam videosunu yayımdan qaldırdı.

PlayStation

Sony firmasının video oyun konsolu markası PayStation 2004 – cü ildə PlayStation Portable və ya qısaca PSP adlı daşınabilən video oyun konsolu çıxartdı. PlayStation Portable üçün hazırlanan açıq hava reklamlarından biri isə bir çox insanda PlayStation markasına qarşı etirazlara səbəb oldu.

PlayStation Portable – ın ağ rəngli versiyasının tanıdılması üçün hazırlanan və reklam lövhələrində nümayiş olunan reklamda “Ağ gəlir” ifadəsi ilə yanaşı, ağ dərili bir qadının qara dərili həmcinsini qəddarcasına çənəsindən tutduğu əks olunurdu. Etirazlardan sonra Sony firması əslində reklamda ziddiyəti vurğulamaq istədiklərini söyləyərək özlərini müdafiə etdi.

Intel

Texnologiya şirkəti Intel – in Core 2 Duo əməliyyat seriyasını tanıtmaq üçün illər əvvəl paylaşdığı reklamda ağ dərili bir adamın yanında qaçışa hazır vəziyyətdə dayanmış altı nəfər atlet əks olunmuşdu və “İşçilərinizin gücünü ən yüksək səviyyəyə çatdırın” ifadəsi ön plana çıxardılmışdı. Təbii olaraq reklamda bu bariz “köləlik” vurğusu böyük qəzəbə səbəb oldu.

Qəribəsi isə odur ki, şirkət özü reklamın əslində irqçi və alçaldıcı olduğunun fərqinə vardı və yayımlanmasının qarşısını almağa çalışdı. Lakin şirkətin bütün səylərinə baxmayaraq, bu reklam afişaları yayımlandı.

Həmçinin oxu: Böyük uğursuzluğa düçar olmuş 4 marketinq kampaniyası

Tamara Mustafayeva, Banco.az