Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib.
Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası” təsdiq edilib. Bu Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.
Qaydaya əsasən, müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yolu ödənişli avtomagistral ola bilər.
Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kart isə ödəniş talonudur. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğular ödəniş məntəqəsi olacaq.
Həmçinin Nazirlər Kabinetinin digər Qərarı ilə “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası” da təsdiq olunub. Bu Qaydaya əsasən, avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir. Alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda (6 aydan artıq olmayan müddətə), hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə qeyd olunmuş hallar başa çatanadək, avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə yenidənqurma və təmir işləri başa çatanadək, avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə müvafiq hallar aradan qalxanadək, yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda həmin təhlükə aradan qalxanadək, həmçinin kütləvi tədbirlər keçirildikdə həmin tədbirlər başa çatanadək yollardan ödənişli əsaslarla istifadə dayandırılır.
Marja