Türkiyə bankı Azərbaycanda xərclərini azaldıb, əməliyyat mənfəətini artırıb | Banco.az

Türkiyə bankı Azərbaycanda xərclərini azaldıb, əməliyyat mənfəətini artırıb

“Yapı Kredi Bank Azərbaycan” QSC 2018-ci ili 5 milyon 388 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 10 milyon 110 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması ehtiyata ayırmanın artması ilə bağlıdır. Xalis mənfəətdən də mühüm, Bankın əməliyyat mənfəəti artıb.  

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi gəlirləri 5 milyon 497 min manat və ya 9,6% azalaraq 51 milyon 952 min manat təşkil edib. Bank 2017-ci ildə 57 milyon 449 min manat cəmi gəlir əldə etmişdi. Cəmi gəlirin azalmasının səbəbi qeyri-faiz gəlirlərinin azalmasıdır.

 

FAİZ GƏLİRLƏRİ ARTIB

İllik müqayisədə “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 2017-ci ildəki 34 milyon 690 min manatdan ötən il 35 milyon 202 min manata qalxıb, qeyri-faiz gəlirləri isə 22 milyon 759 min manatdan 16 milyon 750 min manat düşüb.

 

XƏRCLƏRİNİ AZALDIB

Həmçinin, illik müqayisədə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi xərcləri 6 milyon 83 min manat və ya 17,6% azalaraq 34 milyon 561 min manata düşüb. Faiz xərcləri 7 milyon 993 min manatdan 4 milyon 893 min manata, qeyri-faiz xərcləri isə 32 milyon 651 min manatdan 29 milyon 668 min manata geriləyib.

 

ƏMƏLİYYAT MƏNFƏƏTİ DAHA ÇOX OLUB

Bankın cəmi xərcləri cəmi gəlirlərindən daha çox azaldığından əməliyyat mənfəəti artıb. 2017-ci ildə əməliyyat mənfəəti 16 milyon 805 min manat ikən, 2018-ci ildə 17 milyon 390 min manat təşkil edib.  

“Yapı Kredi Bank Azərbaycan” 2018-ci ildəki 17 milyon 390 min manat  əməliyyat mənfəətinin 10 milyon 48 min manatını ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılan ehtiyata ayırıb. Qalan 7 milyon 342 min manat mənfəətdən 1 milyon 955 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 5 milyon 388 min manat xalis mənfəətlə bağalyıb.

Ən sərfəli kredit üçün müraciət et

“Yapı Kredi Bank Azərbaycan” 2017-ci ildə ehtiyata 2 dəfə daha az - 4 milyon 866 min manat ayrıdığından həmin ili yüksək mənfəətlə (10 milyon 110 min manat) başa vurmuşdu.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

31 Dekabr 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri  426 milyon 681 min manat təşkil edib. 2017-ci ilin sonunda Bank 427 milyon 291 min manat cəmi aktivlərə malik idi. Cüzi azalma "Nostro" hesablarıda (başqa banklardakı müxbir hesabları) vəsaitlərin azalması ilə bağlıdır.

İllik müqayisədə müştərilərə verilən kreditlər 28 milyon 33 min manat və ya 19,2% artaraq 174 milyon 41 min manata çatıb. “Yapı Kredi Bank Azərbaycan”ın digər banklara yatırdığı depozitlər isə 52 milyon 392 min manatdan 135 milyon 2 min manata yüksəlib.

Bankda cəmi depozitlər cüzi azalaraq 329 milyon 820 min manatdan 320 milyon 760 min manata düşüb. Azlma hüquqi şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır. Fiziki şəxslərin tələbli depozitləri, fiziki və hüquqi şəxslərin müddətli depozitləri artıb.

31 Dekabr 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 78 milyon 762 min manat cəmi balans kapitalına malik olub. 2017-ci ilin sonunda bu rəqəm 72 milyon 619 min manat idi.

 

İllik müqayisədə Bankın məcmu kapitalı 64 milyon 76 min manatdan 70 milyon 227 min manata qalxıb. 

"Yapı Kredi Bank Azərbaycan" dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Bankın ana səhmdarları UniCredit (İtalya) və Koç Holding-dir (Türkiyə).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et