Son zamanlar futbol oyunu ilə vergi münasibətlərində diqqətin ən çox yönəldildiyi mövzu dünyada tanınan məşhur futbolçuların vergidən yayındıqlarına görə məsuliyyətə cəlb edilmələri ilə bağlı məhkəmə çəkişmələridir. Ancaq bu sahədə müsbət istisnalarla da qarşılaşmaq mümkündür. Məsələn, beynəlxalq miqyasda araşdırma və məsləhət xidmətləri göstərən bir şirkətin hazırladığı hesabatda İngiltərə premyer liqasının maliyyə göstəriciləri barədə maraqlı məlumatlar verilib.
Hesabatda göstərilir ki, 2016-2017-ci illəri əhatə edən mövsümdə premyer liqada oynayan futbolçuların dövlət büdcəsinə ödədikləri verginin ümumi məbləği 1,1 milyard funt sterlinq (təxminən 2,5 milyard manat) olub. Həmin mövsümdə 20 komandada təqribən 1500 futbolçu oynayıb.
Hesabata əsasən, 2016-2019-cu illər arasında İngiltərənin yüksək liqasını təmsil edən klubların oyunların televiziya ilə yayım müqaviləsi üzrə qazancı isə 5,14 milyard funt sterlinq (təxminən 11,4 milyard manat) olub.
Vergiler.az