"Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu da hökumətin uzunmüddətli siyasət aparması üçün zəmin yaradır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, ölkədə bu gün 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir: "Bu da ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir".
M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Hər il ölkədə yüz minə yaxın gənc əmək bazarına daxil olur. Gənclərin məşğulluğu ilə bağlı ortaq məsuliyyət var".
Report.az