Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi çərçivəsində birgə kriptovalyutanın yaradılması planlarını elan ediblər.
Bu təşəbbüs haqqında Əmirliklər-Səudiyyə Əlaqələndirmə Şurasının İcraiyyə Komitəsinin BƏƏ-nin Nazirlər Kabinetinin işləri və gələcək naziri Məhəmməd bin Abdullah Əl Qarqavinin və Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd Əl Tuveycrinin sədrlikləri ilə Əbu-Dabidə təşkil olunmuş ilk iclasında bildirilib. İclasda ümumilikdə 7 strateji təşəbbüs elan edilib.
Kriptovalyutanın tətbiq edilməsi transsərhəd ödəmələrinin yüngülləşdirilməsi, həmçinin texnologiyaların inkişafı, kibertəhlükəsizlik sahələrində risklərin dəyərləndirilməsi və monetar (pul-kredit) siyasətinə vahid valyutanın təsirinin öyrənilməsi məqsədi daşıyır. Qeyd edilir ki, kriptovalyutadan ilkin mərhələdə yalnız iki ölkənin mərkəzi və kommersiya bankları istifadə edə biləcəklər.
Şuranın iclasında, həmçinin digər təşəbbüslər, o cümlədən gömrük proseduralarının sadələşdirilməsi, böhran vəziyyətində və ya təbii fəlakət zamanı həyat üçün əhəmiyyətli olan məhsulların təminatında davamlılığın dəyərləndirilməsi üzrə birgə təlimlərin keçirilməsi və s. elan edilib.
Xatırladaq ki, Əlaqələndirmə Şurası BƏƏ-nin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə 2016-cı ilin mayında yaradılıb. Şuraya Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud rəhbərlik edirlər.
Azertag.az