Növbəti ilə və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcəkdir.
Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır.
Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır. Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaqdır. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcəkdir. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir.