Gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq | Banco.az

Gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq

Gələn il yanvarın 1-dən 7 il müddətində qüvvədə olacaq,əmək haqqından tutulan gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq.

"Banco" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

“2019-cu ilin dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmaların 2018-ci illə müqayisədə 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq”, - deyə nazir müavini qeyd edib.

“Bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur. Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu, güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin”, - deyə o, əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: REPORT