İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində görüş keçirib. N. Əsədli Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və ölkəmizin ilk dəfə təqdim etdiyi elektron və mobil rezidentliyin təqdim olunması ilə bağlı ətraflı məlumat verib. Görüş zamanı bildirilib ki, Azərbaycan-Rusiya qarşılıqlı ticarət tərəfdaşlarıdır, eyni zamanda ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindəndir. Məhz bu səbəbdən bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rəqəmsal Ticarət Qovşağının meneceri bu amilləri əsas gətirərək elektron rezidentlik xidmətinin təkmilləşdirilməsini, eləcə də, Rusiyada mobil və elektron rezidentlik ala biləcək potensial qeyri rezidentlərə dolğun və ətraflı məlumatların çatdırılmasını vacib amil kimi vurğulayıb. Buna görə, qeyri rezidentlərin məlumatlandırılması üçün ümumi bir strategiya işlənib hazırlanacaq.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları da əlavə ediblər ki, Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft məhsullarının ixracı üzrə isə birinci yerdədir. Məhz bu səbəbdən tərəflər Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində əməkdaşlıqda maraqlıdırlar.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bu istiqamətdə görüşlərin davam etdiriləcəyini və diplomatik nümayəndəliklər və konsulluqlar vasitəsilə qeyri-rezidentlərə elektron imza ilə bağlı daima ətraflı məlumatların təqdim ediləcəyini bilidirib.