Azərbaycanda banklar real sektorun kreditləşdirilməsində çətinlik çəkir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov belə hesab edir.
"Bu gün Azərbaycanın bank sektorunda 5,3 mlrd. manat məbləğində likvid vəsait toplanıb. Kredit kanallarının iş qabiliyyəti ilə bağlı problemlər bu vəsaitlərin biznes və iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilməsini çətinləşdirir", - deyə o, bu gün Bakıda "Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar" adlı konfransda bildirib.
İcraçı direktorun sözlərinə görə, 2018-ci il sentyabrın sonuna bankların real sektor üzrə kredit portfelinin təxminən 63%-i biznesin maliyyələşdirilməsinə yönəldilib.
"Bu, 7,7 mlrd. manat məbləğində portfel deməkdir. Bütovlükdə, 2000-ci ildən etibarən bank sektoru tərəfindən 14,3 mlrd. manat məbləğində əsaslı vəsait qoyuluşu həyata keçirilib. Bu, müəssisələrə və dövlət büdcəsinə aid vəsaitlərdən sonra daxili sərmayələşdirmə üzrə üçüncü göstəricidir. Təkcə cari ilin 10 ayı ərzində bank sektoru ölkə iqtisadiyyatına 1,5 mlrd. manat məbləğində əsaslı vəsait yönəldib ki, bu da daxili vəsaitlər hesabına əsaslı vəsait qoyuluşlarının 13%-ni təşkil edir", - deyə Y.Abdulov vurğulayıb.
© İnterfax-Azərbaycan