Banco.az xəbər verir ki, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev 2019-cu ildə korporativ sektor üzrə layihələr haqqında danışıb.
- Ölkə iqtisadiyyatının inkişafı kiçik və orta sahibkarlığın inkişafından başlayır. Bizim də növbəti illərdə kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə geniş planlarımız və hədəflərimiz vardır. Filiallarımızın əsasən riteyl müştərilərə xidmət göstərməsinə baxmayaraq, 5 filialda iri korporativ müştərilər üçün xüsusi bölmələr yaradılıb. Bundan əlavə Kapital Bank kiçik və orta sahibkarlar üçün maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində də yeni həllər üzərində işləyir və yaxın vaxtlarda overdraft və faktorinq kimi yenilikçi məhsullar satışa təqdim ediləcək. İlin sonuna qədər 4 filialımızda həmçinin kiçik və orta sahibkarlara da bank məhsulların satışı həyata keçiriləcək. Gələn ildən başlayaraq bu sahədə yeni məhsullarımızı təqdim edəcəyik.
Bununla yanaşı, bu il korporativ müştərilərimizə Müştəri Bank portalının yeni versiyasını təqdim etdik. Artıq korporativ müştərilərimiz bir çox əməliyyatları banka gəlmədən portal vasitəsilə, daha münasib şərtlər və tariflər əsasında həyata keçirə bilirlər. 2018-ci ilin göstəricilərinə görə ay ərzində təqribən 30 mindən artıq əməliyyat Müştəri Bank vasitəsilə yerinə yetirilir. Cənubi Qafqazda ilk dəfə olaraq biz, SWIFT gpi sisteminə qoşulduq. Bu sistem vasitəsilə müştərilərin xaricə göndərdikləri və xaricdən aldıqları vəsaiti izləmək olar. Həmçinin, korporativ müştərilərimiz onlayn növbə funksiyasından da bəhrələnib, seçdikləri vaxtda filiala yaxınlaşırlar.