Bank kartları günümüzün əsas hissəsinə çevrilib. Demək olar ki, hər gün bank kartları ilə onlayn ödəniş edirik. Lakin bu zaman bəzi qaydalar var ki, riayət etməliyik. Hansı ki, bu həm kartların gizliliyini təmin edir, həm də ödənişimizin daha güvənilir olmasına köməklik göstərir. Bəhs edəcəyimiz qaydalar daha çox kartın üzərindəki simvollarla bağlıdır. Yəni onların hansını daxil edib, hansını daxil etməməklə bağlı.
Bəzən elə olur ki, üstümüzdə pul olmur və kimdənsə kartımıza pul köçürməsini xaiş edirik, bu məndə dəfələrlə olub. Bəs bu zaman kart haqqında həmin insanlara hansı məlumatları verməliyik?, hansı məlumatları vermək doğru deyil?. Gəlin çox uzatmadan başlayaq.
1) Adətən ödəniş terminallarında kartın son səkkiz şifrəsi istənilir.
Bildiyiniz kimi, kartın üzərində 16 rəqəmli şifrə olur. Bu şifrənin yalnız son səkkizi sizə pul yükləyəndə lazımlı olacaq. Odur ki başqalarına da kart haqqında məlumat verərkən yalnız son 8 rəqəmi deməlisiniz. Lakin kart vasitəsi ilə nəysə alırsınızsa, onda sizdən bütün şifrəni istəyə bilər.
2) Kartın müddətinin bitib-bitməməsini öyrənmək üçün sizdən tarixi (ay/il) istəməlidirlər.
Kartın üzərində yazılmış tarix hər zaman lazım olur. Adətən ödəniş terminalından karta pul mədaxil edərkən orada son 8 rəqəmli şifrə ilə birlikdə kartın tarixi də istənilir. Adətən bu xidmətlər ödəniş terminallarında bank xidmətləri bölməsində yerləşir. Ordan kartınızın aid olduğu bankı seçib debet karta onlayn mədaxil bölməsi vasitəsi ilə karta pul yükləyə bilirsiniz.
3) Kartın üzərindəki ad və soyad necə yazılıbsa, elə də sistemə daxil edilməlidir.
Bu situasiya o zaman baş verir ki, məsələn adınız "Xaqanidir", amma karta "Khagani" yazılıbsa siz karta yazılan kimi daxil etməlisiniz. Məsələn Netflix kimi saytlarda onlayn ödəniş edərkən kartda yazılan adınızı yazmaq məcburidir.
4) Kartın CVV kodu kartın təhlükəsizliyini bildirir və onu hər kəslə paylaşmaq olmaz.
CVV kodun mənası Card Validation Code deməkdir. Bu kod hər bir kartda fərqli yerlərdə yerləşir. Amma adətən kartın arxa tərəfində olur və qabarıq şəkildə yazılmır. Eyni zamanda təhlükəsizlik kodu olduğu üçün qəbz aldığınız zaman bu kod göstərilmir. Bu kodu ancaq o zaman daxil edin ki, o sayta etibar edirsiniz. Çünki bu kodu əldə edən şəxs sizin kartınızın bütün datalarınızı öyrənə bilər.