İLON MASK İSTEFAYA GEDİR | Banco.az

İLON MASK İSTEFAYA GEDİR

ABŞ-ın Qiymətli kağızlar və birjalar Komissiyasının (SEC) İlon Maska qarşı ittihamları və biznesmenin komissiyaya cavab verməsi ona baha başa gəlib.

Komissiya ilə mübahisə nəticəsində "Tesla" - nın yaradıcısı şirkətin rəhbərliyini tərk etməli və cərimə ödəməlidir. 
Xatırladaq ki, SEC biznesmeni şirkət haqqında yalan məlumatlar verməklə investorları aldatmaqda ittiham edirdi. Amma sonradan İlon Mask onu fırıldaqçılıqda ittiham edən ABŞ-ın Qiymətli kağızlar və birjalar Komissiyası (SEC) ilə razılaşa bilib.

Razılaşma nəticəsində mübahisə məhkəməyə qədər gedib çıxmayacaq. Amma İ.Mask Teslanın Direktorlar Şurasının sədri vəzifəsini tərk edəcək və 20 milyon dollar cərimə ödəyəcək. Eyni məbləğdə cəriməni Tesla şirkəti də ödəyəcək. Bu 40 milyon dollar zərər çəkmiş investorlar arasında bölünəcək. 

Bununla yanaşı, Mask şirkətin rəhbəri vəzifəsini qoruyub saxlayacaq. 

Qeyd edək ki, amerikalı biznesmen İlon Mask dünyanın ən varlı 50 adamından biridir. O, Tesla şirkəti ilə yanaşı, SpaceX kosmik şirkətinin, Neuralink neyrotexnoloji şirkətinin rəhbəri, eləcə də Paypal ödəniş sisteminin yaradıcısıdır. Hazırda Teslanın səhmlərinin 22%-i İlon Maska məxsusdur. 

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası ilə İlon Mask arasında mübahisənin səbəbi onun "Tvitter" - də paylaşdığı, "Tesla" - nın səhmlərini geri alacağı barədə məlumat olub. Bu məlumatda biznesmen bildirib ki, şirkətin hər bir səhmini 420 dollardan almaq niyyətindədir. 

Ən maraqlı məsələlərdən biri də bu 420 dollar rəqəminin haradan götürülməsidir. SEC-in nümayəndələri «Bloomberg» agentliyinə bildiriblər ki, 420 rəqəmi marixuana mədəniyyətində mühüm rəqəm sayılır. Bunu isə Mask öz rəfiqəsinə xoş gəlmək üçün səsləndirib. 

İlon Mask bunu yazan kimi, "Tesla" - nın səhmləri sürətlə bahalaşıb. «Reuters»in məlumatına görə, həmin tvitdən sonra birjada «Tesla»nın səhmlərinin qiyməti 6,5% artaraq 363,4 dollara yüksəlib. Bu proses komissiyanın işinə də problemlər yaradıb. Komissiya bildirir ki, Mask tvitdə səsləndirdiyi məsələnin detallarını komissiya ilə müzakirə etməyib. 

Üstəlik bir qədər sonra İlon Mask şirkətin səhmlərini geri almaqdan da imtina edib. Nəticədə bahalı səhmlərə pul yatıran investorlar zərərə düşüblər. Və avqust ayında investorların bir qrupu düşdükləri zərərə görə, İlon Maskı məhkəməyə veriblər. 

Biznesmen özü bu ittihamları əsassız sayıb, amma sonda işin məhkəməyə gedib çıxmaması üçün komissiya ilə razılaşmalı olub. Çünki əks təqdirdə kompaniyadan bütünlüklə uzaqlaşmalı olacaq, hətta həbs edilə bilərdi. 

Maskın və Teslanın problemlərini General Motors şirkətinin keçmiş rəhbəri Bob Luts da şərh edib. O bildirib ki, "İlon Mask – avtomobil şirkətini idarə edə bilməyən yaxşı oğlandır".
«Onlar heç vaxt Tesla Model 3-ün istehsalını gəlirli edə bilməyəcəklər, çünki onun maya dəyəri çox yüksəkdir. Onun zavodlarında 9 min nəfər işləyir, amma ildə 150 mindən az avtomobil buraxılır. Hesablamadar düz gəlmir. Bu şirkət özünə qəbir qazır». – deyə avtomobil maqnatı CNBC-ə müsahibəsində bildirib.   

Ən sərfəli kredit üçün müraciət et

fed.az