Sığorta haqlarının 75%-i 5 şirkətin kassasına daxil olur | Banco.az

Sığorta haqlarının 75%-i 5 şirkətin kassasına daxil olur

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış 516,924 milyon manat sığorta haqqının 290,038 milyon manatı və yaxud 56,1%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə, "PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 193,454 milyon manat (37,4%) və 96,584 milyon manat (18,7%) sığorta haqqı toplayıblar.

Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 37,634 milyon manatlıq (7,3%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 35,44 milyon manatlıq (6,9%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 26,478 milyon manatlıq (5,1%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 389,59 milyon manat təşkil edib ki, bu da bazarın 75,4%-i deməkdir.

21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (175 min manat), "Amrah Sığorta" (314 min manat) və "Bakı Sığorta" (682 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,171 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,2%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin yığımları isə 1-21 milyon manat arasında dəyişir və onların bazar payı 126,163 milyon manat və yaxud 24,4%-dir. 

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 168,581 milyon manatlıq sığorta ödənişlərinin 51,8%-i və yaxud 87,277 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

ÖDƏNİŞLƏRİN 73%-Nİ 5 ŞİRKƏT HƏYATA KEÇİRİB

"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 52,883 milyon manat (31,4%) və 34,393 milyon manat (20,4%) ödəniş ediblər. 

Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 13,159 milyon manatlıq (7,8%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 11,986 milyon manatlıq (7,1%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 10,952 milyon manatlıq (6,5%) göstərici ilə "Qala Həyat Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 123,374 milyon manat təşkil edib ki, bu da bazarın 73,2%-i deməkdir.

21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (38 min manat) və "Bakı Sığorta (147 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 188 min manat təşkil edib ki, bu da cəmi 0,1%-lik pay deməkdir.

Qalan 13 sığorta şirkətinin ödənişləri 45,019 milyon manat və yaxud bütün ödənişlərin 26,7%-i qədərdir. 

marja.az