Azərbaycan iqtisadiyyatında artım sürətləndi | Banco.az

Azərbaycan iqtisadiyyatında artım sürətləndi

2018-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50 milyard 521,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artmış, tikintidə isə 17,3 faiz azalmışdır.

Ən sərfəli kredit üçün müraciət et

ÜDM istehsalının 46,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,3 faizi tikintidə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 14,0 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olmuşdur.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 milyard 478,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalmışdı.

Marja.az