Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 5 | Banco.az

Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 5

Sizi hər dəfə yeni rubrikalarla sevindirən Banco.az komandası bu dəfə də sizlər üçün həftəlik yeni  rubrikaları davam etdirir.  Məqaləmiz bazarda ən çox tələb olunan maliyyə uçotu üzrə suallar və onların izahlarından ibarətdir. Bu rubrikamız  Financial Accounting beynəlxalq sertifikatı almaq istəyənlər üçün köməkçi olacaq.  Beşinci dərsimizdə maliyyə hesabatının elementləri barədə danışacayıq.

1) Sual: Maliyyə hesabatının elementləri hansılardır?

Cavab: Maliyyə hesabatının elementləri aktiv, öhdəlik, kapital , gəlir , xərc  və kapitalın saxlanılmasıdır.

2) Sual: Aktiv nədir? 

Cavab: Aktivlər, müəssisənin keçmiş hadisələri və fəaliyyəti nəticəsində əldə edilmiş, hazırda idarə edilən və gələcəkdə müəssisəyə iqtisadi səmərə gətirə biləcək resurslardır.

3) Sual: Öhdəlik nədir?

Cavab: Öhdəlik, müəssisənin keçmiş hadisələri və fəaliyyəti nəticəsində yaranmış və gələcəkdə ödənilməsi müəssisənin iqtisadi resurslarının xaric edilməsi ilə nəticələnəcək mövcud resurslardır.

4) Sual: Kapital nədir? 

Cavab: Kapital, bütün öhdəlikləri çıxdıqdan sonra müəssisənin aktivlərində qalan paydır. 

5) Sual: Gəlir nədir?

Cavab: Gəlir, səhmdarların kapital qoyuluşu ilə əlaqədar olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artmasıdır. 

Ən sərfəli kredit üçün müraciət et

6) Sual: Xərc nədir?

Cavab: Xərclər, səhmdarların kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan, lakin kapitalın azalması ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin kənara axını , azalması və ya öhdəliklərin artması şəklində iqtisadi səmərənin azalmasıdır.

7) Sual: Kapitalın saxlanılması nədir?

Cavab: Kapitalın saxlanılması dedikdə, kapitalın səhmdarlara ödənişlər edilməsi vaxtına qədər qorunub-saxlanılması başa düşülür.

8) Sual: Bəs inflyasiya zamanı kapital necə saxlanılır?

Cavab: Yüksək inflyasiya dövründə müəssisənin mənfəət əldə etdiyi zənn edilə bilər. Lakin kapitala inflyasiya faktoru tətbiq edilərsə, şirkətin zərərdə olduğunu müəyyənləşdiriləcək. 

9) Sual: Buna aid misal göstərə bilərsiniz?

Cavab: Məsələn müəssisənin 50 mln manat dəyərində kapitalı vardır və 7 mln manat mənfəət əldə edib. İnflyasiya isə 12%-dir. 

Yuxarıdakı misala əsasən inflyasiya kapitala tətbiq edilməlidir, yəni (50 mln x 0,12) . Bu isə 6 mln manata bərabərdir. Kapitalın saxlanılmasına əsasən bu vəsait kapitaldan yox əldə olunan mənfəətdən çıxılacaq. Yəni 7 mln manat - 6 mln manat = 1 mln  manat . Qalan 1 mln manat isə səhmdarlar arasında bölüşdürüləcək.