27 avqust tarixində aparılan araşdırma göstərdi ki, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında hökm sürən ticarət gərginlikləri azaldıqdan sonra Alman biznes rəhbərləri arasında olan inam yenidən güclənmişdir.
Münihdə yerləşən İqtisadi Araşdırmalar İnstitutunun aylıq hesabatına əsasən 9000 firma üzrə aparılan sorğuya müvafiq olaraq Almaniya İşgüzar Mühit İndeksi (İFO) Fevral ayından bəri ən yüksək səviyyəsinə çataraq 103.8 punkta yüksəlmişdir. İyul ayı üzrə İfo indeksi 101.7 punkt idi.
Qeyd edək ki, Almaniya İşgüzar Mühit İndeksi (İFO) - Almaniyada iş əlaqələrini və biznes mühiti gözləntilərini gələcək 6 ay ərzində ölçmək üçün istifadə olunan indeksdir. Bu indeks istehsalçılar, inşaatçılar, topdan və pərakəndə satıcılar arasında aparılan sorğuya əsasən hesablanır və iqtisadi tədqiqatlar və maliyyə institutları tərəfindən tərtib olunur.
İqtisadi Araşdırmalar İnstitutunun prezidenti Clemens Fuest bəyanatında bildirdi ki, “ABŞ hökuməti ilə yaranan ticarət münaqişəsində barışığın təmin edilməsi yerli iqtisadi vəziyyətin güclənməsi ilə yanaşı, alman firmaları arasındakı inamı da artırıb.”
O, həmçinin bildirdi ki, “Almaniya iqtisadiyyatı artan inkişaf tempi ilə güclənməkdədir.”
Müsbət göstəricilərin əsas səbəbinin Avropa Komissiyasının başçısı Jean-Claude Juncker və ABŞ prezidenti Donald Tramp arasında ötən ay bağlanan və Trampın polad və aliminium idxalına vergi tətbiq etməsi ilə başlayan ticarət münaqişələrini azaltmağı hədəfləyən saziş olduğu hesab edilir.
Hazırda ticarət münaqişələri üzrə gərginliklər azalsa da, sabit fikirli olmayan ABŞ prezidentinin avtomobil kimi Avropa üçün mühüm məhsullara vergi tətbiq etdiyi təqdirdə, gələcəkdə gərginliklər yenidən yüksələ bilər.
Tamara Mustafayeva, Banco.az