“PAŞA Bankın yeni tarif paketləri xərcləri optimallaşdırmaq üçün ən uyğun seçimdir” - MÜSAHİBƏ | Banco.az

“PAŞA Bankın yeni tarif paketləri xərcləri optimallaşdırmaq üçün ən uyğun seçimdir” - MÜSAHİBƏ

“PAŞA Bankın hesablaşma-kassa xidmətləri üzrə təqdim etdiyi tarif paketləri kiçik və orta sahibkar olan müştərilərə öz biznes xərclərini optimallaşdırmaq üçün ən uyğun seçimdir”

 

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank bazara kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Bu məhsul haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkoya müraciət etdik. Müsahibəni diqqətinizə çatdırırıq.

 

-Zəhmət olmasa, yeni məhsul - hesablaşma-kassa xidmətləri paketi haqqında bir qədər məlumat verərdiniz.

-Ölkənin bank bazarına daima yeniliklər gətirən PAŞA Bank Kiçik və Orta Sahibkarlara biznes xərclərini optimallaşdıracaq hesablaşma-kassa xidmətləri üzrə tarif paketlərini təqdim edir. Tarif paketlərinin işləmə prinsipini mobil operatorlar tərəfindən təklif olunan paketlərin işləmə prinsipi ilə müqayisə etmək olar.  Qeyd edim ki, Qərbi və Şərqi Avropanın bir çox ölkələrində aktiv istifadə olunan bu xidmət yerli bazarda da çox böyük marağa səbəb olacaqdır. Belə ki, tarif paketlərinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də müştərinin bankla olan əməkdaşlıq formatı nəzərə alınmışdır. Müştəri biznesinə uyğun tarif paketini seçərək bankla işini tənzimləyəcək və bir  paketdə ona lazım olan bütün əməliyyatları əldə edəcək.

 

İlkin olaraq müştərilərə beş növ tarif paketi təqdim olunur. Müştəri öz biznesi üçün ən münasib tarif paketini seçib və aylıq xidmət haqqını ödəyərək bir çox xidmətlərdən pulsuz və ya güzəştli tariflərlə istifadə etmək imkanı əldə edir. 

Təqdim olunan yeni xidməti mobil operatorlar tərəfindən istifadəçilərə təklif olunan paket məhsulları ilə müqayisə etmək olar. Tarif paketləri bir birindən funksionallığı ilə fərqlənir. Hər bir paketə müəyyən növ və həcmlərdə əməliyyatlar daxildir. Paket qiyməti ona daxil olan xidmətlərin həcmindən asılı olaraq dəyişir.

 

-Müştəri tarif paketlərini əldə etməklə nə kimi üstünlüklər əldə edir? Yeni xidmətin standart təkliflərdən fərqi nədir?

-Kiçik və orta sahibkarlar tarif paketlərindən birini seçərək onlara lazım olan bütün növ müxtəlif əməliyyatları kompleks şəklində əldə edir. Bu, hesablaşma-kassa xidmətlərinin seçilməsini sadələşdirir, asanlaşdırır. Müştəriyə artıq böyük sayda xidmətləri və onlar üzrə tarifləri müqayisə etmək, tutuşdurmağa ehtiyac qalmır. Biz paketə daxil olan əməliyyatları seçərkən  müştərilərimizin gündəlik həyata keçirdikləri əməliyyatları əsas götürmüşük, həmçinin, xarici bankların təcrübəsini öyrənib və müxtəlif sorğular aparmışıq. Müştəri tarif  paketlərini seçərkən özünə lazım olanı əldə edir. Müştəri üçün biznes fəaliyyətini əhatə edən bütün mühüm və zəruri funksiyaları özündə dəqiq cəmləşdirən paketlər çox rahatdır. Onlar həm istifadədə rahatdırlar, həm də maliyyə əməliyyatları zamanı pula və vaxta qənaət etməyə imkan verirlər. Bu paketlər müştərilərin tələblərinə və fəallığına tam uyğundur. Eyni zamanda tarif paketlərinə qoşulan bütün müştərilərə internet bank xidmətinə qoşulma və 3 illik korporativ və ya Tacir kartı hədiyyə edilir.

Ən sərfəli kredit üçün müraciət et

 

-Paketlərə hansı əməliyyatlar daxildir? 

- Artıq vurğuladığım kimi, paketlər onlara daxil olan əməliyyatların növü və həcmi  ilə fərqlənirlər.  Paketlər müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin nağdlaşdırılması, yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr, valyuta mübadiləsi, ekvayrinq və sairələri daxildir. İstərdim hər paketin xüsusiyyətləri barədə daha ətraflı məlumat verim. Ilkin olaraq müştəriləri hesab üzrə həyata keçirdikləri əməliyyatlara əsasən beş qrupa ayırdıq və hər qrup üçün xüsusi paket hazırladıq.

Paketlərdən ən sadə olanı “Klassik” – dir. Bu paket özündə standart əməliyyatları ehtiva edərək biznesə yeni başlamış və bankla az həcmdə əməliyyatlar aparan biznes sahibləri üçün ən sərfəli seçimdir.

Növbəti “Elektron” paketi adından da göründüyü kimi daha çox ölkə-daxili və nağdsız ödənişlərə üstünlük verən müştərilər üçün hazırlanmışdır. Üçüncü “Biznes” paketidir. Bu paket özündə ehtiva etdiyi əməliyyat növlərinə görə “Klassik” paketi ilə oxşardır, lakin əməliyyatların həcmi ilə fərqlənir. Bu paketin istifadəçiləri böyük həcmdə pulsuz nağdlaşdırma və ölkədaxili köçürmələr etmək imkanı əldə edəcəklər.

Növbəti müştəri qrupu öz fəaliyyətində xarici valyuta ilə əməliyyatlar həyata keçirən sahibkarlardır. Qeyd olunan qrup “Aktiv” adlanan paketi seçməklə həm respublika daxili, həm də respublikadan kənar ödənişləri, həmçinin valyuta mübadiləsi üzrə pulsuz əməliyyatları həyata keçirə biləcəklər. Cari tarixə olan sonuncu “Premium” paketi bank tərəfindən təqdim olunan bütün əməliyyatlardan böyük həcmdə və sayda istifadə edən müştərilər üçün ən uyğun seçimdir. Digər 4 paketlə müqayisədə “Premium” paketinə daxil olan əməliyyatların məbləğləri və sayı dəfələrlə yüksəkdir.

Müsahibəni aldı:

Yeganə Məmmədova

Marja.az