Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 Avqust 2018-ci il tarixində növbəti iclası keçirilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iclasda uçot dərəcəsinin 10%-də sabit saxlanılması barədə qərar qəbul edilmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdir (Aşağı həddi 8%, yuxarı həddi 10%)
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 12 fevral 2018-ci il tarixindəki iclasında uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edilmişdi.
Aprel ayında isə Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 13%-dən 11%-ə endirilmişdi.
Mərkəzi Bankının İdarə Heyəti 14 iyun 2018-ci il tarixindən isə uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul etmiş, faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% səviyyəsində müəyyən edilmişdi (aşağı həddi 8%, yuxarı həddi 10%).
İyunda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, uçot dərəcəsində neytral səviyyə (komfort zona) 8%-dir.
Mətbuat konfransında sədr Elman Rüstəmov qeyd edib ki, inflyasiya üçün risklər var. Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşməsi əsas riskdir. Digər tərəfdən, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin artırılmasının inflyasiyaya təsiri izlənməlidir. Bu səbəblərə görə, Mərkəzi Bank hələlik gözləmə mövqeyi tutub və faizləri sabit saxlayıb.
Elman Rüstəmovun çıxışından əsas başlıqlar:
-İnflyasiya aşağı düşür, birrəqəmli səviyyədə sabitləşir,
-İnflyasiya Mərkəzi Bankın hədəfi olan 6-8%-dən aşağıdır,
-İnflyasiya bütün sahələr üzrə azalıb
- İqtisadi aktivlik davam edir,
-Monetar şəraiti yumuşaltmaq üçün potensial var, amma bu risklərdən asılıdır. Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin valyutalarının dəyərdən düşməsi əsas riskdir. Bunun üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Marja.az