Bir çoxumuz arzu etdiyimiz bir şeyə çatmaq üçün əslində kifayət qədər səy göstərmirik. Ümumiyyətlə hədəflərimizə gedən yolda qarşımıza çıxan maneələr bizi dərhal ruhdan salır. Bəzi insanlar isə belə maneələrlə qarşılaşdıqda daha əzmlə hərəkət edərək hədəflərinə çatmaq üçün daha çox mübarizə aparırlar, lakin onlar da müəyyən bir vaxtdan sonra ümidsizliyə qapılıb uğursuzluqla barışırlar. Bu baxımdan hər kəsin unutduğu bir nüans var ki, uğura nail olmaq üçün bəzən gözlədiyinizdən də artıq cəhd etməlisiniz.
“Adioma” saytı bu mövzu ilə bağlı “Neçə dəfə cəhd etməlisiniz” başlıqlı bir qrafik hazırlamışdır. Saytın hazırladığı bu qrafikdə, öz sahələrində çox böyük uğurlara imza atan bir çox şəxsin hədəflərinə çatmaq üçün neçə dəfə cəhd etdiklərinə dair müxtəlif nümunələr göstərilmişdir.
Bu siyahıda adı qeyd edilən Tomas Edisonun elektrik lampasını ixtira etmək üçün dəfələrlə cəhd etməsi barəsində güman ki, çoxumuz məlumatlıyıq. Bu, böyük işlərər nail olmağın çətinliyi ilə bağlı hər hansı bir mövzuya ən çox göstərilən nümunələrdəndir. Çünki Tomas Edison elektrik lampasını ixtira edənə qədər 10 min uğursuz cəhd göstərmiş və bu vəziyyət onun məşhur sözünü deməsinə səbəb olmuşdur: “Uğursuz olmadım, doğru olmayan 10 min üsul kəşf etdim.”
“Adioma” saytının hazırladığı qrafikə əsasən bəzi məşhur şəxslərin müvəffəqiyyət əldə etmələri üçün etdikləri cəhlərin sayı aşağıdakı kimidir:
- Məşhur rejissor Steven Spielberg Cənubi Kaliforniya Universitetinin Film Məktəbi tərəfindən 3 dəfə rədd cavabı almışdır.
- Yazıçı Tim Ferrissin “4 Saatlıq İş Həftəsi” adlı kitabının nəşrindən mətbəələr 4 dəfə imtina etmişlər.
- Pandora.com saytının qurucusu maliyyə dəstəyi əldə etmək üçün sərmayəçilərlə 300 dəfə görüşmüşdü.
- İngilis iş adamı Richard Branson “Virgin Galactic” – i qurmamışdan əvvəl 400 şirkət təsis etmişdi.
- KFC – nin qurucusu Harland David Sanders, KFC – ni qurmamışdan əvvəl özünə məxsus toyuq reseptini satmağa çalışmış və buna müvəffəq olanadək 1009 dəfə “xeyr” cavabı almışdı.
- Görkəmli aktyor Silvestr Stallone “Rocky” filminin ssenarisini satmağa çalışarkən 1500 dəfə rədd cavabı almışdı.
- İngilis ixtiraçısı və “Dyson” şirkətinin qurucusu James Dyson istədiyi elektrik süpürgəsini düzəldənə qədər 5126 dəfə cəhd göstərmişdir.
Tamara Mustafayeva, banco.az