BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə modernləşdirmə və transformasiya proqramına rəhbərlik edən Nərminə Nəbiyeva bu il iyunun 18-dən şirkətin insan resursları üzrə vitse-prezidenti təyin olunub.
Şirkətdən verilən məlumata görə, o, bu vəzifədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin “upstream” seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.
“N.Nəbiyeva bu yeni vəzifəyə biznes əlaqələri və rəhbərlik sahəsində zəngin təcrübəsi ilə gəlir. Bundan əvvəl o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə insan resursları şöbəsində, Hindistanda BP-nin “Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin “upstream” seqmentinin talant və öyrənmə qrupunda çalışıb.
O,Dövlət İdarəçilik Akademiyasından dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsi və Böyük Britaniyanın Robert Qordon Universitenindən menecment üzrə diplomu var. O, həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür”,-məlumatda qeyd olunub.
Report.az