Azərbaycanda ideyanın sığortalanması təcrübəsinin olub olmaması ilə bağlı mütəxəssislərin fikirləri öyrənilib.
Vəkil Allahverən Oruclu deyib ki, Azərbaycanda ideyanın sığortalanması təcrübəsi ilə rastlaşmamışam: “Bu sahədə risklər, mexanizmlər və digər elementlər dəqiq araşdırılmalı və işlənməlidir”, - vəkil sözlərinə əlavə edib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəylibildirib ki, Azərbaycanda ideyanın oğurlanması ilə bağlı sığorta növü yoxdur, qanunvericilikdə də nəzərdə tutulmayıb.
M.Abbasbəyli deyib ki, belə sığorta növünün tətbiq edilməsi spekulativ risk yaradacaq: “Belə bir sığorta növünə xarici təcrübədə də rast gəlməmişəm. Çünki, kifayət qədər spekulativ riskdir. Yəni ki, nə ideyanın müəllifi faktını, nə də ki, onun oğurlanması faktını müəyyən etmək asan deyil. Bu baxımdan sığorta predmenti və sığorta hadisəsi faktını təsdiq edən alətlər olmadığı üçün belə bir sığorta növü qeyri-işlək olar”.
Sığorta eksperti Elçin Eyvazov isə qeyd edib ki, Azərbaycanda mövcud sığorta növləri tam formalaşmayıb: “Hələki belə bir sığorta növü mövcud deyil”.
İdeyanın sığortalanması məhsulu yaradılarsa, qiyməti neçəyə olar? sualına isə E.Eyvazov bildirib ki, öncədən bazar araşdırılmalıdır: “İndidən demək çətindir. Bunun üçün ideyanın qiymətləndirilməsi dəyəri, hansı risklərə təminat verib verməyəcəyi, bazar araşdırması aparılmalı, tələbatın olub olmadığı müəyyən edilməlidir”.
Facemark.az