Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığortaçıların təlim-tədris proqramlarının yaradılması və müvafiq iştiqamətlər üzrə təlimlərin təşkili üzrə görüş keçirilib. ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim Tədris Mərkəzinin direktoru Anar Həsənov, Ekspress Qrup Training & Consulting şirkətinin rəhbəri Abbas Abbaslı və sığorta üzrə ekspert Orxan Həsənov iştirak edib.
Görüş zamanı ASA-nın sədri qeyd edib ki, sığorta bazarının inkişafı üçün sığorta münasibətlərinin peşəkar iştirakçılarının (vasitəçilər, ekspertlər, qiymətləndiricilər, yardımçı fəaliyyətlə məşqul olan digər şəxslər) bilik və təcrübə səviyyələrinin artırılmasına böyük ehtiyac vardır. O həmçinin qeyd edib ki, ASA-da sığorta bazarında bilik səviyyəsinin artırılması üzrə xüsusi inkişaf strateqiyası hazırlanmaqdadır.
Görüşdə sığorta şirkətlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə sorğunun keçirilməsi və gələn tələblər əsasında fərqli kəsimlər üzrə təlim layihələrinin hazırlanması – proqramların yazılması və beynəlxalq səviyyəli peşəkar təlimlərin təşkili üzrə müvafiq işlərə başlamaq barədə qərar qəbul edilib.
Qeyd edək ki, indiyədək ASA-nın təşkilatçılığı ilə aktuari, agentlərin sertifikasiyası, PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) və CII Award in General Insurance təlimləri keçirilmişdir.