“Amrahbank” ASC yaxın vaxtlarda nizamnamə kapitalını 25,1% və yaxud 10 mln. manat artıraraq 49 844,4 min manata çatdıracaq.
Banco.az xəbər verir ki, bu barədə “Report”a Bankdan deyiblər.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd yeni səhm buraxılacaq. Səhmləri “Amrahbank”ın mövcud səhmdarları alacaqlar.
Bununla belə, yeni səhmlərin Bankın sahibləri arasında necə bölünəcəyi və proses başa çatdıqdan sonra səhmdarların pay bölgüsünün necə olacağı, eləcə də emissiyanın anderrayteri hələ ki, məlum deyil.
Qeyd edək ki, bankın nizamnamə kapitalını artırması zəruri idi, çünki 30 sentyabr 2017-ci il tarixinə olan hesabatlara əsasən bankın cəmi kapitalı minimum tələbdən - 50 mln. manatdan aşağı düşmüşdü (47,9 mln. manat), nizamnamə kapitalı isə 39,8 mln. manat təşkil edirdi.