Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) ləğv prosesində olan “Bank Standard” QSC-dəki pulunun növbədənkənar verilməsi məsələsinə münasibət bildirib.
O, bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında danışıb.
ADIF rəsmisinin sözlərinə görə, SKMF-in vəsaiti dövlətə məxsusdur və bu baxımdan, qeyd olunan qurumun “Bank Standard”dakı pulunu Fonddan əvvəl götürməsində qeyri-adi heç nə yoxdur.
Bununla yanaşı, V.Abdullayev deyib ki, hələ ki, SKMF-yə ödəniş edilməyib: “Səslənən fikir, sadəcə, proqnoz göstəricisidir, fakt deyil”.
ADIF-in icraçı direktorunun müavini “Bank Standard”ın müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sabiq sədr müavini Orxan Xubanovu özünə müşavir təyin etməsi ilə bağlı səslənən ittihamlara münasibət bildirib. O deyib ki, əgər adı çəkilən şəxsin qanunsuz addımları olsaydı, məsuliyyətə cəlb edilərdi.
Mənbə: Report.az