Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq" | Banco.az

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

OPEC+ anlaşmasının iştirakçıları 2017-ci ilin II yarısında neftə olan tələbatın 2 mln. barel/gün artacağını proqnozlaşdırırlar. "TASS" agentliyinə istinadən xəbər verilir ki, bunu OPEC+ neft nazirlərinin Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"İlin ilk yarısı ilə müqayisədə neftə tələbatın 2 mln. barel/gün artacağını ehtimal edirik", - deyə nazir qeyd edib. Nazir əlavə edib ki, OPEC+ iştirakçıları 2018-ci ilin mart ayından sonrakı dövr üçün də strategiya işləyib hazırlamalıdır.

Xatırladaq ki, bu gün Vyanada keçirilən iclasda OPEC+ anlaşmasından azad olunan Nigeriya və Liviyanın neft hasilatı müzakirə olunacaq. Nigeriyanın neft naziri bugünkü açıqlamalarında OPEC+ anlaşmasına qoşula biləcəklərini qeyd edib.

Mənbə: Report.az