ABŞ-dakı “beyin mərkəzi”: Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib | Banco.az

ABŞ-dakı “beyin mərkəzi”: Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edib

Dünyada neft qiymətlərinin və bu istiqamətdə investisiyaların azalmağına baxmayaraq, Azərbaycanın enerji layihələrinə beynəlxalq marağın davam etməsi mühüm hadisədir. Bu barədə Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzi Caspian Policy Center-in (CPC) Azəri-Çıraq- Günəşli yataqlar bloku üzrə yeni müqaviləyə həsr olunmuş xüsusi icmalında bildirilir.

İcmalda bildirilir ki, sentyabrın 14-də Azərbaycan və onun beynəlxalq tərəfdaşları Azəri-Çıraq- Günəşli yataqlar blokunun birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı dəyişdirilmiş və yenidən tərtib edilmiş saziş imzalayıb. Mərkəz hesab edir ki, beynəlxalq neft nəhənglərinin davamlı olaraq Azərbaycana göstərdikləri inam, əvvəlki və mövcud layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının sübutudur. Belə ki, gələcək 32 il ərzində AÇG yataqlar blokuna toplamda 40 milyard dollar investisiya qoyulacaq.

“Qeyd edilməlidir ki, Azərbaycan ilk neft müqaviləsini hələ yeni müstəqil olduğu bir zamanda imzalamağa nail olmuşdu. Gənc dövlət olmasına və bir sıra problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan beynəlxalq təşəbbüsdən irəli gələn öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirərək etibarlı tərəfdaş olduğunu sübut etmişdir”-deyə icmalda bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

CPC hesab edir ki,  Azərbaycan bu yeni müqaviləni əvvəlki vəziyyətdən daha yaxşı şərtlərdə bağlayır. Belə ki, Mərkəzin hesablamalarına əsasən, hətta neftin qiyməti 55 dollar olan halda belə, hasil olunacaq neft ehtiyatlarının 180 milyard dollarlıq mənfəət yaratması gözlənilir ki,  bunun da 75%-lik hissəsi yeni razılaşma şərtlərinə uyğun olaraq Azərbaycanın payına düşəcək.

Müqavilə Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard ABŞ dolları məbləğində ödəmə olacaq. Eyni zamanda əvvəlki müqavilədə 11,65 faiz paya malik olan SOCAR-ın payı, yeni müqavilədə 25 faizə yüksələcək.

Mərkəzin icmalında xüsusi vurğulanır ki, AÇG müqaviləsində Azərbaycanın beynəlxalq tərəfdaşları olan Norveç, ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya və Hindistan kimi ölkələr müqaviləyə  güclü siyasi dəstəylərini  ifadə etdilər və Azərbaycanla enerji əlaqələrinin strateji dəyərini yüksək səviyyədə qeyd etdilər. Bu ölkələrdən ABŞ 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda və Xəzər hövzəsində  mövcud olan neft və qaz yataqlarının inkişafını davamlı olaraq dəstəkləmiş, bu resursların inkişaf etdirilib Avropa və digər bazarlara çıxarılmasının bu ölkələrdə rifah səviyyəsinin yaxşılaşdırılması və qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olaraq görmüşdür.