“Google” şirkəti real dünyada virtual obyektləri yerləşdirməyə imkan verən əlavə reallıq platformasını təqdim edib.
İKT.lent.az-ın xəbərinə görə, “ARCore” adlanan platforma barədə “Google”un “Android” tərtibatçıları üçün nəzərdə tutulan bloqunda məlumat verilib.
Yeni platforma proqram vasitələrinin toplusundan ibarətdir. Onun köməyi ilə kənar tərtibatçılar öz proqram əlavələrində əlavə reallıq texnologiyalarını reallaşdıra biləcəklər. Kamera, ekselometr və giroskopdan əldə edilən məlumatlar vasitəsilə “ARCore” ətraf məkanda cihazın dəqiq yerləşməsini müəyyən edir. O, ətraf işıqlandırmanı nəzərə alır və tərtibatçılara obyektləri öz əlavələrində real olaraq işıqlandırmağa və ya kölgələr yaratmağa imkan verir.
Qeyd edək ki, bu, “Google”nin ilk belə tərtibatı deyil. Bundan əvvəl şirkət “Tango” platformasını təqdim edib, lakin “ARCore”dan fərqli olaraq, “Tango” yalnız bazardakı iki smartfonla işləyə bilir. “ARCore” isə yeni cihazlarla bərabər, artıq mövcud olan “Google Pixel” və “Samsung Galaxy S8” cihazları ilə işləyəcək.
“Google” hesab edir ki, sınaq müddətinin sonunda, “ARCore” 100 milyon ədəd cihazda istifadə ediləcək