Bu həftə qlobal maliyyə bazarlarında 5 vacib iqtisadi xəbər gözlənilir.
1. Sentyabr ayının 1-də ABŞ-da məşğulluq göstəricisi açıqlanacaq. Analitiklərin proqnozlarına görə, kənd təsərrüfatı sektoru istisna olmaqla, avqust ayında yeni iş yerlərinin sayının 183 min nəfər artması gözlənilir. Bununla yanaşı, sentyabrın 1-də açıqlanacaq işsizlik göstəricisinin iyul ayı səviyyəsində, yəni 4,3%-də qalması ehtimal edilir. Əsas diqqət isə ABŞ-da 1 saatlıq əmək haqqı məbləğinin artımına yönələcək. Analitiklər avqustda bu göstəricinin 0,2% artacağını proqnozlaşdırırlar. Qeyd edək ki, iyulda həmin göstərici 0,3% artıb. Avqust ayında əmək haqları proqnozları üstələyərsə, bu durumda FED-in il sonuna qədər faizləri artırması ehtimalları güclənər və bu, dolların möhkəmlənməsinə gətirib çıxarar.
2. Həftənin ikinci önəmli iqtisadi xəbəri ABŞ-da II rüb ÜDM-in son variantının açıqlanması olacaq. Göstəricinin ilkin variant olan 2,6%-i üstələməsi və 2,7% olması gözlənilir. Həmçinin, bu həftə ABŞ-da fiziki şəxslərin gəlir və xərcləri, şəxsi istehlak xərclərinin baza indeksi, istehsal sektorunda işgüzar fəallıq indeksi, istehlakçıların inam indeksi və avtomobil satışı göstəriciləri açıqlanacaq.
3. Avqustun 29-da avrozona iqtisadiyyatının avqust ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. Göstəricinin 1,4% olması ehtimal edilir ki, bu da iyul ayında olan 1,3% artım göstəricisindən bir qədər çox, lakin hədəf 2%-dən aşağıdır.
4. Böyük Britaniyada sentyabrın 1-də istehsal sektorunun fəallıq hesabatı açıqlanacaq. Analitiklər bu göstəricinin cüzi azalaraq 55 bənd təşkil edəcəyini ehtimal edirlər.
5. Avqustun 31-də Çində istehsal sektorunun işğüzar fəallıq indeksi açıqlanacaq. Bu göstəricinin bir qədər azalaraq 51,3 bənd təşkil edəcəyi gözlənilir.
Mənbə: Report.az