“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) banka borc müqabilində girov qoyulmuş müəssisələrdən daha birini satıb.
Bu barədə “Report”a BOKT-dan bildirilib.
Məlumata görə, söhbət Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Fındıq Emalı” zavodundan gedir. Bununla belə, “Aqrarkredit” müəssisənin kimə və neçəyə satıldığını açıqlamayıb.
Xatırladaq ki, bundan öncə BOKT-un nəzarətində olan Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi “əl dəyişdirib”. Hazırda 6 girov obyekt satışdadır. Bunlar Bakının Binəqədi şosesindəki BOT ayaqqabı fabriki, Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsidir.