Müəllif: Famil Alməmmədov
İnsanlar şüurlu canlılardır. Elə buna görə də insanlar canlılar arsında ən güclüsüdür. Ancaq insanları güclü edən şüur onların ən zəif bəndlərindəndir desəm bəlkə də yalan olmazdı. Belə ki, insanoğlunu məhz şüuru vasitəsi ilə idarə etmək mümükündür. Həm də çox asan. İnsanoğlunun davranışlarına şüuraltı təsir edən bir çox detallar vardır. Elə nə baş verisə və başımıza da nə gəlirsə fikir vermədiyimiz bu xırda detalların ucbatından baş verir. Peşəkar marketoloqlar məhz bu nüansların köməkliyi ilə hədəf kütlələri müəyyən malların alınmasına təhrik edirlər.
Marketoloqlar istehlakçıların davranışlarına onların hər addımında təsir edən manipulyativ detalları çox yaxşı bilirlər. Musiqi tonları, aromatlar, rənglər, müxtəlif səslər və s. Bunların arasında rənglərin (qablaşmaların üzərindəki rəng çalarları, vitrinlər, mağazanın interyeri, işıqlandırma və s.) istehlakçılara şüuraltı təsirləri önəmli yer tutur. Qısası müştəri özünü rahat hiss etməli və alış – veriş vaxtını nə qədər uzadarsa satıcı üçün də bir o qədər xoş olar. Kissmetrics araşdırma şirkətinin 2015 – ci ildə aparmış olduğu araşdırmaların nəticələrinə görə 93% istehlakçı məhsulu almaq haqqında qərarını məhsulun xarici görünüşünə görə, 6% istehlakçı məhsula toxunan zaman, 1% dadına baxan zaman qərar verirlər. Başqa bir tərəfdən 85% istehlakçı kateqoriyalar üzərə məhsulu qablaşmanın rəng çalarlarına görə alırlar. Rəng çalarları brendin tanınmasını 80% artırır. Rənglər istehlakçıları fərqli yaşlarda olanları və cinsləri məhsulu almaq üçün stimullaşdırır. Qısası rəng çalarları insanları həvəslə bəyənmiş olduqları məhsulları almağa təşviq edir. Ümumiyyətlə görülən işlər sadəcə olaraq məhsulu almağa deyil, həm də brendə bağlılığı da təşviq etməlidir.