Bu gün "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"dür. Hər kəs onlara doğma və yaxın olan balacaları müxtəlif üsullarla təbrik etməyə tələsir.
Bir sıra diqqətcil banklarımız da bu günü unutmayıb. Onlar maraqlı layihələr həyata keçirərək uşaqların bayramını təbrik ediblər. Sözügedən banklar özünəməxsus şəkildə tədbirlər keçirərək uşaqları sevindiriblər.
Bu maraqlı layihələri topladıq və sizlər üçün təqdim edirik:
AccessBank - "Gələcəyin Bankirləri"
AccessBank "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə 1 iyun tarixində bütün filiallarında müştəriləri balaca dostlarımızın qarşılayacağını və xidmət göstərəcəyini bildirib. Bu gün işçilər öz yerlərini uşaqlara təhvil veriblər. Bank hamını filiallarına gələrək balacalara dəstək olmağa dəvət edib. Bununla da AccessBank maraqlı layihəyə imza atıb.
Azər Türk Bank "Savaba ortaqlıq" deyərək uşaq evlərinin sakinlərini kinoteatra dəvət edərək onlarla birlikdə "Spark" cizgi filmini izləyiblər. Bank dünyaca məşhur olan bu cizgi filminin azərbaycan dilində dublyaj olunmasına sponsorluq edib və uşaqlar bayramını bu yolla təbrik etməyi seçib.
Expressbank özünəməxsus kampaniya elan edərək, 1 yun tarixində bankın plastik kartlarına sahib olan şəxslərə endirimlərdən yararlanmağa çağırıb və xərclərinin bir hissəsinin də özlərinə qaytarılacağını bildirib.
Kapital Bank - "Nağıllara Səyahət"
Kapital Bank Uşaqların Beynəlxaql Müdafiəsi Günü ərəfəsində uşaqları "Nağıllara səyahət" sosial ləyihəsini həyata keçirərək təbrik edib. Bank, layihə çərçivəsində Şəki, Lənkəran, Gəncə və Bakıda uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş etdirib. Uşaqların həm əylənməsini, həm də mariflənməsini göz önündə saxlayan bank unikal bir layihəyə imza atıb.
Unibank - "Bir uşağın gülüşüdür xoşbəxtlik, bir uşağın sevincidir səadət!"
Uşaqlar gününü xeyirxah bir tədbir ilə qeyd edən bir digər bank isə Unibank-dır. Bank valideyn sevgisindən məhrum olmuş uşaqlara xüsusi diqqət ayırıb və uşaq evlərini ziyarət edərək onları yaddan çıxarmayıb.
Bank of Baku - "Uşaqları sadəcə bu gün deyil, hər gün müdafiə etməliyik"
Bank of Baku "Uşaqları sadəcə bu gün deyil, hər gün müdafiə etməliyik" başlığı altında həyata keçirdiyi layihədə incə məqamlara toxunub. Dünyada, eləcə də ölkəmizdə uşaqların yaşadığı çətinlikləri qabardan bank, böyükləri uşaqlara qarşı daha həssas olmağa, onların rəngarəng dünyalarına sevgi ilə gözəllik gətirməyə çağırıb. Bu layihə ilə bank maariflənməyə də xüsusi diqqət ayırıb və fərqlilik ilə yadda qalıb.
Biz də təbriklərə qoşularaq gələcəyimiz olan uşaqları "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə təbrik edirik!