Müştəriləri hər hansı bir bankın plastik –debet kartını seçərkən maraqlandıran vacib suallardan biri də balansı banka gəlmədən artırmaq mümkünatıdır. Yəni müştəri öz hesabına nağd vəsait qoymaq üçün mütləq banka yaxınlaşmalıdırmı?
Bu sualı araşdırmaq üçün banklarımıza müraciət etdik. Aldığımız cavabları sizə təqdim edirik.
Azər Türk Bank, Bank of Baku, Rabitəbank, NBC Bank, Nikoil Bank, Turan Bank, Bank Respublika, AG Bank, ExpressBank, Unibank və Bank BTB-nin kartlarını müxtəlif ödəniş terminalları – Expresspay, E-manat və ya Milli ÖN vasitəsi ilə artırmaq mümkündür. Digər adları çəkilən banklarda isə əsasən Cash-inlər vasitəsi ilə balans artırılır, Cash-in aparatları adətən filialın qarşısında və daxilində olur.
AtaBank, Beynəlxalq Bank, AmrahBank və ASB Bank kimi bəzi banklarda isə kart hesabına mədaxil üçün filiala yaxınlaşmaq lazımdır.
TuranBank
Müştərilər günün istənilən vaxtı Bankımıza məxsus ödəniş kart hesablarındakı vəsaiti “MilliÖn” və “eManat” ödəniş terminalları, eyni zamanda Cash In tipli bankomatlar (ATM) vasitəsilə artıra bilərlər.
Azər Türk Bank
Azər Türk Bankın bütün ödəniş kartlarına Milli ÖN vasitəsiylə pul yatırmaq mümkündür.
Bank of Baku
"Bank of Baku"-nun debet kartlarına "Bank of Baku"-nun ödəniş terminallarından və Milli ÖN terminallardan ödəniş etmək mümkündür. Müştəri kodu və təvəllüdünüzü qeyd edib debet kartınızın məbləğini artıra bilərsiniz.
RabitəBank
Kartınız AZN valyutasındadırsa, E=Manat terminalları vasitəsilə mədaxil edə bilərsiniz.
Yapı Kredi Bank Azərbaycan
Pulkartın balansını Yapı Kredi Bank Azərbaycan filiallarına yaxınlaşaraq və Cash-in olan bankomatlarda artıra bilərsiniz. Cash–in ATM–lərin quraşdırıldığı filiallar aşağıdakılardır: Əhmədli, Nərimanov, 28 May, Səbail
AtaBank
karta mədaxil etmək üçün AtaBankın filialına yaxınlaşmaq lazımdır.
AccessBank
Yalnız filiallarımızın qarşısında yerləşən Cash İn ödəniş terminallarından kart hesabınıza vəsait mədaxil etmək mümkündür.
Kapital Bank
Milli ÖN, E-Manat vasitəsi ilə Kapital Banka məxsus kartların balansını artırmaq mümkün deyil. Kartın balansını CASH in tipli ATM və filiallarda yerləşən ödəniş terminalları vasitəsi ilə də artıra bilərsiniz.
Unibank
Debet kartlarımıza Unibank-a məxsus ödəmə terminallarında və kassada vəsait yerləşdirə bilərsiniz. Yalnız Albukarta eManat terminallarında nağd, e-pul.az saytında isə onlayn olaraq vəsait yerləşdirmək mümkündür
Bank BTB
Express Pay terminallarından və Onlayn Ödəniş səhifəsindən onlayn olaraq kartların vəsaitini artırmaq mümkündür.
ExpressBank
ExpressPay ödəniş terminalları vasitəsi ilə bütün plastik kart hesabalrını artıra bilərsiniz. Növbəti linkə keçərək ExpressPay ödəniş terminallarının ünvanları ilə yaxından tanış ola bilərsiniz
NBC Bank
Maaş kartları istisna olmaqla bütün milli valyutada olan kartlara E-manat vasitəsi ilə nəğd vəsait yerləşdirmək olar.
Beynəlxalq Bank
ABB təəssüf ki, Milli Ön ilə çalışmır. Siz ABB-nin Cash-in bankomatları və ya filial/şöbəyə yaxınlaşaraq ödəniş terminalları ilə kartınıza vəsait mədaxil edə bilərsiniz. Cash-İn bankomatların siyahısı ilə bu linkə keçid alaraq tanış ola bilərsiniz.
ASB Bank
Karta mədaxil etmək üçün mütləq filiallarımızdan birinə yaxınlaşmaq lazımdır.
Nikoil Bank
Milli ÖN və ya Easy Pay terminalları vasitəsi ilə debet kartlara mədaxil etmək mümkündür.
Bank Respublika
Kartınızın balansını “MilliÖn” və “eManat” ödəniş terminalları, eyni zamanda Cash in tipli bankomatlar ilə artıra bilərsiniz.
AG Bank
Əməkhaqqı və təqaüd kartları istisna olmaqla, debet kartlarına Milli ÖN terminalları vasitəsi ilə mədaxil etmək mümkündür.
Gördüyünüz kimi, bəzən nisbətən kiçik banklar sizə daha operativ xidmət göstərə bilər.
Könül Soltanova, Banco.az