“Kredobank”ın kredit portfelinin 80%-i təminatsızdır | Banco.az

“Kredobank”ın kredit portfelinin 80%-i təminatsızdır

Bu gün ləğvetmə prosesində olan “Kredobank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir.

İclasda Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov da iştirak edir.

A.Cavadov toplantıda bildirib ki, “Kredobank”ın aktivləri qiymətləndirilib və Bankın kredit portfelinin 190 mln. manat təşkil etdiyi məlum olub. Bu məbləğ 1 932 fiziki və hüquqi şəxsə verilib.

“Aktiv (işlək) kreditlər 46 nəfərə verilib və ümumi məbləği 946 min manatdır. Bunun 6-sı və yaxud 516 min manatlıq hissəsi təminatlı, 21-i və yaxud 430 min manatlıq hissəsi təminatsızdır. Qeyri-aktiv (qeyri-işlək) kreditlər isə 1 905 nəfərə verilib və 189,1 mln. manatdır. Bunun isə 166-sı və ya 38,6 mln. manatlıq hissəsi təminatlı, 1 739-u və yaxud 150,4 mln. manatlıq hissəsi təminatsızdır. Ümumlikdə, Bankın verdiyi kreditlərin 1 760-sı və yaxud 150,8 mln. manatı (təxminən 80%) təminatsızdır. Kreditlərdən əldə olunması gözlənilən likvid vəsaitin məbləği 10 mln. manatdır”, - deyə A.Cavadov qeyd edib.

ADIF rəhbəri onu da bildirib ki, “Kredobank”ın öhdəlikləri 100 mln. manat təşkil edir: “Bunun 28 mln. manatı Fonda, 45,7 mln. manatı Azərbaycan Mərkəzi Bankına, 14,9 mln. manatı isə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna olan borclardır”.

Mənbə: Report.az