Nazirlik gecikdirilmiş ödənişlər haqqında açıqlama verdi | Banco.az

Nazirlik gecikdirilmiş ödənişlər haqqında açıqlama verdi

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-aprel aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 60 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 56 448 manatı (94,1 faiz) gecikdirilmiş əmək haqlarından, 2 300 manatı (3,8 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı ayrı-ayrı işçilərin işdən qeyri-qanuni şəkildə azad edildikləri də müəyyən edilib və görülən tədbirlər nəticəsində onların yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı  işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib. 

Mənbə: Apa.az