Hava Limanından 2016-cı ildə rekord sayda sərnişin daşınıb | Banco.az

Hava Limanından 2016-cı ildə rekord sayda sərnişin daşınıb

Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb.

2016-ci ildə Bakıya Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlamışdır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

Mənbə: Trend