23 dekabr 2016-cı il tarixdə İqtisadi Tədqiqatlar Mərkəzi , Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatı dəstəyi ilə “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində "Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə idxal-ixrac əməliyyatları aparan sahibkarlar,o cümlədən ictimai təşkilatların, audit və konsaltinq şirkətlərinin, digər təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi əvəzi Faiq Səmədov son vaxtlar ölkədə həyata keçirilən islahatlardan və özəl sektora göstərilən dövlət qayğısından söhbət açdı. Bildirdi ki, bu yaxınlarda təsdiqlənən yol xəritəsi qeyri neft sektorunun inkişafına xüsusi təkan verəcəkdir. F.Səmədov azexport.az saytının istifadəyə verilməsini yüksək qiymətləndirərək, ixrac potensialının artırılması istiqamətində ciddi dönüş olacağını qeyd edib.
İqtisadçı ekspert Qubad İbadoğlu çıxışında sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması istiqamətində görülən işlərdən söhbət açdı. Qubad İbadoğlu qeyd etdi ki, sahibkarlıq subyekti olaraq hər bir müəssisə mövcud olan problemləri aşkara çıxartmaq, nəinki ölkədə, o cümlədən xarici bazarlara çıxış imkanlarını araşdırmaq potensialına malik olmalıdır. Xarici bazarlara çıxmaq istiqamətində əsas prioritetləri sadalayan ekspert bazarın oyunçularını və siyasətini əvvəlcədən öyrənməyin vacibliyinə diqqəti çəkdi.Bildirdi ki,hal-hazırda ölkədən valyuta axını müşahidə olunur.Bunun üçün innovativ məsələlərdə çalışmaq lazımdır ki, kapital cəlb etməklə şirkətlər inkişaf etsin. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır.
Tədbir məruzə ətrafında müzakirələrlə davam etdirilib.